Naxçıvan şəhərində bir qrup gəncin şəhid ailələri ilə görüşü təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. Görüş çərçivəsində iştirakçılar şəhidlərimiz Əsgərov Ələsgər Zakir oğlu, Rəcəbov Vaqif Yaqub oğlu, Balabəyli Elcan Vasif oğlu və Qasımov İbrahim Malikəjdər oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, şəhidlərimizin həyatı, döyüş yolu və göstərdikləri şücaət barədə məlumatlandırılıblar.
Tədbir iştirakçıları vətənpərvər övladlar yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını ifadə ediblər. İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif olunduqları orden və medallar barədə ətraflı məlumat verilib. Ailə üzvləri onların şəxsi keyfiyyətləri ilə bağlı xatirələrini bölüşüb, gənclər isə şəhidlərə həsr olunmuş xatirə guşələri ilə tanış olublar.